Venesueladakı son hadisələr dünya enerji bazarlarında daha əlverişli vəziyyətə gətirib çıxaracaq.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban yerli və beynəlxalq KİV üçün təşkil olunmuş mətbuat konfransında bildirib.
V.Orban ABŞ-nin Venesuelada həyata keçirdiyi, ölkə Prezidenti Nikolas Maduronun ələ keçirildiyi əməliyyatı "yeni dünya nizamının təzahürü" adlandırıb. Onun sözlərinə görə, Venesuela və Birləşmiş Ştatlar birlikdə dünyanın neft ehtiyatlarının 40-50 %-ni nəzarətdə saxlaya bilərlər ki, bu da qlobal qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
"Amerikalıların daha ucuz enerjiyə ehtiyacı var və Macarıstan üçün bu yaxşı xəbərdir - əgər Vaşinqton Venesuela neftinə nəzarət edəcəksə, dünya enerji bazarında daha əlverişli vəziyyət yaranacaq", - Baş nazir bildirib.
O, həmçinin qeyd edib ki, Macarıstan son dörd il ərzində rekord həcmdə investisiya cəlb edib və bu tendensiyanı qoruyub saxlamaq niyyətindədir: "Donald Trampın ABŞ prezidenti seçildiyi andan etibarən 13 investisiya layihəsi reallaşdırılıb və yeniləri gözlənilir. Bu onu göstərir ki, Brüsseldən kənarda da həyat mövcuddur. Ümumiyyətlə Çin, Türkiyə, ərəb dünyası və Rusiya ilə yaxşı əlaqələri saxlamaq vacibdir".
///report