Əsrin problemi- İnsanın öz kimliyinə dönməsi və ehtiyaclarını tanıması...
Günümüz insanı həyatın sürətlənmiş axarında, texnoloji alətlərin bu qədər çoxaldığı, eyni zamanda dünyanın sürətlə dəyişdiyi bir dövrdə yaşayır. Və bu dəyişikliklər bəzən onun gözləntilərinin əksinə olaraq elə hadisələri qarşısına çıxarır ki, daxili kimliyindən nə qədər qopduğunu hiss edir. Bəzən hətta bunu hiss etmədiyi dönəmlər də olur.
İnsan zahirən bədəninin qayğısına qalsa da, istər sağlam qidalanma ilə, istər fiziki hərəkətlər və sairlə özünü formada saxlamağa çalışsa da, duyğu və düşüncələrini nizamlaya bilmir. Dolayısi ilə daxili məninə təmas edə bilmir. Bütün bu məqamlar onu addım-addım özündən uzaqlaşdırır. Nəticədə istədiyi gerçəkliyi yaşayanda belə bunu dərindən hiss edə bilmir. Sanki duyğuları haralardasa gizlənir. Həqiqi məmnunluq hissi formalaşmadığından bir natamamlıq halı müşahidə edir.
Əvvəldə də qeyd etdiyim kimi, günümüz insanı texnologiya əsrinin axarına düşərək gedir. Sadəcə gedir. Bəs burada özü ilə rabitəni necə bərpa edə bilər? Bəlkə də bir çoxları bunun cavabını ya axtarmır, ya da fərqinə varmır. Bəlkə də içindəki duyğu ilə bir nəğmənin sədasında, maraqlı bir söhbət əsnasında deyilən bir kəlmədə, ya da çox sevdiyi kitabdan günün sonunda bir cümlə də olsa oxuyub özünə nəsə qatmaq istədikdə təmas edir.
Mən kiməm? Haradayam? Necəyəm? Nə istəyirəm? Mən əvvəllər həyəcanlı, yeniliklərə açıq, daim nəsə arzulayan, dünyanın rəngarəngliyini həm qəlbi ilə, həm gözləri ilə görən biri idim. Bəs mən indi haradayam? Mənim duyğularım niyə donuqdur? Nə qədər arzumu gerçəkləşdirə bildim? Gerçəkləşən arzular mənə nə qazandırdı?Duyğularına toxunduğum məqamda insan hiss edir ki, yalnız zahiri aləmin deyil, eyni zamanda daxili aləminin də bir istəyi, bir aydınlanması, bir fərqinə varılması zərurəti vardır. Həqiqi xoşbəxtlik yalnız zahiri istəklərlə deyil, qəlbin və duyğuların da cavabını aldıqca tamamlanır.
Buna görə də səni maraqlı bir səyahətə dəvət edirəm. Səninlə kouçinq, yəni özü ilə üzləşən, duyğu və düşüncələrini nizamlaya bilən, düzgün qərar verməklə həyatını sağlam şəkildə daha da irəli aparan, insanı formalaşdıran bir sahə haqqında danışmaq istəyirəm.
Kouçinq demək olar ki, günümüzdə sürətlə yayılan özünüinkişaf proqramları içində ən unikal, hətta ən əvəzolunmazdır. Çünki insanın özü ilə üzləşməsi, daxili aləmini tanıması, potensialının fərqinə varması, bacarıqlarının üzə çıxarılması həyatını daha mənalı, daha rəngarəng, duyğularını isə daha canlı hiss etməsinə yol açır.
Peşəkar kouç Səadət Cabbarova,
Xüsusi olaraq Sitat.info üçün...