İstanbulda fasilələrlə yağan güclü yağış və şiddətli fırtınalar bir sıra fəsadlar törədib.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin müxtəlif küçələrində ağaclar qırılıb, nəqliyyat vasitələrinə zərər dəyib.
Belə ki, Büyükçekmecenin D-100 avtomobil yolundakı yeraltı keçid külək səbəbindən dəniz suyu ilə dolaraq nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Mimaroba məhəlləsində yaşayış kompleksinin bağçasındakı bir ağac isə aşıb. Eyni kompleksdə də güclü külək binanın fasadının bir hissəsini qoparıb, Bahçelievlerdə ağacın qopması nəticəsində bir nəfər yüngül xəsarət alıb.
Tuzla sahilində isə fırtına səbəbindən dalğaların hündürlüyü qalxıb və lövbər salan bir çox qayıqların aşmasına səbəb olub. Bəzi qayıqlar sahilə çırpılaraq yararsız vəziyyətə düşüb, digərləri isə batıb.
Bundan əlavə, güclü külək səbəbindən Ayasofya Böyük Məscidindəki Memar Sinan Minarəsinin uc hissəsi məscidin bağçasına aşıb.
Bununla yanaşı, yağış səbəbindən sürüşkən yolda 7 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib, yollarda tıxac yaranıb.