Azərbaycan elminə və ali təhsilinə uzun illər töhfə vermiş tanınmış alim, professor Mustafa İslam oğlu Qarayev vəfat edib.
Sitat.info xəbər verir ki, 90 yaşlı professor bu gün dünyasını dəyişib.
Mustafa Qarayev 1936-cı il oktyabr 20-də Laçın rayonun Minkənd kəndində anadan olub. 1945-1955-ci illərdə elə həmin kəndin orta məktəbində təhsil alıb.
1956-1961-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Riyaziyyat ixtisası üzrə təhsil alıb.
1961–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Energetika İnstitutunda elmi işçi kimi çalışan Mustafa Qarayev, 1966-cı ildən etibarən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Riyaziyyat” kafedrasında müəllim kimi işə başlayıb.
O, 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb, 1982-ci ildə dosent, 2005-ci ildə isə professor olub. Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının müdiri işləyib.
Mustafa Qarayev 50-yə yaxın elmi məqalə, metodiki və dərs proqramının müəllifi idi. Alimin pedaqoji və elmi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. M.Qarayev 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2006-cı ildə “Qabaqcıl təhsil işçisi” nişanı ilə təltif edilib. 2010-cu ildə isə İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə “Universitetin Qızıl Yubiley” medalı ilə mükafatlandırılıb.
Mustafa Qarayev ailəli idi, dörd övladı var.
Qeyd edək ki, Mustafa Qarayev Azərbaycan Dövlət Tibb Universitetinin mərhum professoru Zöhrab Qarayevin qardaşıdır. Mustafa Qarayev Görədil qəbiristanlığında, qardaşının yanında dəfn ediləcək.