Azərbaycanlı alim ABŞ-də saxlanıldı

19:01 15 Yanvar 2026

ABŞ-də yaşayan azərbaycanlı alim Şövqi Hüseynov bu ölkənin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb.
 
Sitat.info xəbər verir ki, bu barədə "Investigative Post" nəşri məlumat yayıb. 
 
Bildirilib ki, Baffalo Universitetinin professoru olan Hüseynov ölkədən deportasiya ediləcək.
 
Belə ki, Ş.Hüseynov yanvarın 7-də avtomobillə Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayının üzərində yerləşən "Peace” körpüsünü keçib və səhvən Kanada ərazisinə daxil olub. Alim geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılıb. ABŞ-nin Gömrük və Sərhəd Xidmətinin adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, qurum əməkdaşları onun ABŞ-dən deportasiya edilə biləcək şəxs olduğunu müəyyən edərək onu ICE nümayəndələrinə təhvil veriblər. 
 
Lakin Hüseynovun konkret saxlanılma səbəbi açıqlanmayıb.
 
Qeyd olunub ki, nəşrin nümayəndələri professorla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyiblər.
 
Nəşrin məlumatına görə, Ş.Hüseynovun daha əvvəl məhkumluğu olmayıb və o, ABŞ-də 2029-cu ilə qədər işləməyə imkan verən vizaya sahibdir. 



Xəbər xətti