“Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı xəbər doğru deyil”

12:10 16 Yanvar 2026

"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb".

Sitat.info xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib.

Onun sözlərinə görə, atası 2002-ci ildən İsveçdə yaşayırdı və işləmirdi: "Xəstə idi, iki ildir müalicə alırdı. Dekabrın 29-da atamı itirdim.

Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı Azərbaycanda yayılan xəbərlər bizi çox məyus etdi. Bu, qətiyyən doğru deyil.

Ora qocalar evi yox, reabilitasiya mərkəzi idi. Onun üçün xüsusi otaq ayrılmışdı və lazım olan bütün mebeli mən almışdım. Rahatlığı üçün hər şey etmişdik. Atam iki il əvvəl həm insult, həm də infarkt keçirmişdi. Bu vəziyyətdə onun evdə qalması mümkün deyildi. Vaxtında dərmanlarını atmalı, insulin iynəsi vurulmalı idi. Atamı həmin mərkəzə yerləşdirməyimizin əsas səbəbi onun daim həkim nəzarətində saxlanılması ilə bağlı olub. Bu tip əsassız xəbərlər bizi çox incitdi".

Nigar Tağıyeva həmçinin qeyd edib ki, atasının cənazəsi ötən gecə Vətənə gətirilib.

Qeyd edək ki, Milli Qəhrəman bu gün Hərbi Memorial Məzarlıqda (keçmiş II Şəhidlər xiyabanı) dəfn olunub.

Xatırladaq ki, əslən Şuşadan olan Ş.Tağıyev 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Mərhum İsveçdə uzunsürən xəstəlikdən sonra vəfat edib.



Xəbər xətti