Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Sitat.info xəbər verir ki, müraciətdə soyuq hava şəraitinə görə qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi istənilib:
"Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər".
Müraciətdə, həmçinin, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur:
"Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən də uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq vacibdir. Bundan başqa, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, temperaturun xeyli enəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.