Nazirlikdən rus dilində çəkilən video haqda - Açıqlama

14:04 19 Yanvar 2026

Energetika Nazirliyinin enerji səmərəliliyi kampaniyası çərçivəsində azərbaycanlı influenser övladı ilə rus dilində video çəkib və nazirlik sözügedən videonu rəsmi feysbuk hesabında paylaşıb. Həmin videoda enerjiyə qənaət etməklə bağlı çağırış rus dilində danışılıb, öz doğma dilimizdən isə alt yazıda istifadə olunub. Prezident İlham Əliyevin ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdiyi bir dönəmdə influnserin və övladının rus dilində danışması, öz doğma dilimizə isə alt yazıda yer verilməsi sosial media istifadəçilərində suallar doğurub.

Sitat.info-nun məlumatına görə, məsələ ilə bağlı Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Amil Həsənov Modern.az-a bildirib ki, enerjinin səmərəliliyi kampaniyası çərçivəsində artıq 160-dan çox fərqli şəxsin videosu var:

“Həmin videolar müxtəlif dillərdə hazırlanıb və  bu kampaniyaya qoşulan şəxslərin videolarını seçim əsasında indiyədək sosial media səhifələrimizdə paylaşılıb. Rus dilində olan videolarla yanaşı, ingilis dilində də çarxlar var. Niyə məhz rus dilində olan təbliğata mənfi yöndən yanaşılır?”.

Amil Həsənov qeyd edib ki, Azərbaycanda müxtəlif ana dilli vətəndaşlar var. Uyğun dillərdə reklamların olması məqsədəuyğundur: “Rus dilində olmasına baxmayaraq alt yazı Azərbaycan dilindədir. Nəticədə reklamın təsir imkanları genişlənir. Azərbaycan dilində də kifayət qədər videoçarxlar hazırlanır”.

O qeyd edib ki, təşkilat heç bir influnserlə müqavilə bağlamır və buna görə heç kəsə ödəniş edilmir: “Bu, könüllülük təşəbbüsüdür və biz yalnız həmən materialları seçim əsasında rəsmi səhifəmizdə paylaşırıq”.

 




Xəbər xətti