Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşları - Ruad Yaşar oğlu Məmmədov, Xəyal Rasim oğlu Əsgərov və Zaur Əyyub oğlu Əyyubovun ekstradisiyaları həyata keçirilib.
Sitat.info Baş Prokurorluğa istinadən xəbər verir ki, müvafiq vəsatətlər aidiyyəti olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilib.
Belə ki, Ruad Yaşar oğlu Məmmədov və Xəyal Rasim oğlu Əsgərovun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib.
Onlar ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zaur Əyyub oğlu Əyyubov məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib, Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.