İranda internet bu tarixədək bərpa olunacaq

19:02 19 Yanvar 2026


“İran daxilində etirazlar səbəbindən 8 yanvarda kəsilən internet bağlantısı həftəsonuna qədər bərpa olunacaq”.

 
Sitat.info xəbər verir ki, bunu İranın vitse-prezidenti Hüseyn Afşin keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, internet şəbəkəsi ölkə üzrə tədricən bərpa edilərək, həftəsonuna qədər normal vəziyyətə qaytarılacaq.
 
H.Afşin qeyd edib ki, kəsintilərin davam edəcəyi ehtimalı nəzərə alınaraq, iri şirkətlərin fəaliyyətinin pozulmaması üçün “sabit IP” üzərindən internet xidmətinin göstərilməsi istiqamətində tədbirlər görülüb:
 
“Rəqəmsal iqtisadiyyat modelində təkcə şirkətlərin internetə çıxışı kifayət deyil. Bu müəssisələrin fəaliyyətinin davamlılığı istifadəçilərin və müştərilərin də internetə çıxış imkanlarından asılıdır”.
 
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında tacirlərin rəhbərliyi ilə başlayan etirazlar yerli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkənin müxtəlif bölgələrinə yayılıb.
 
8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.
 
İran hakimiyyəti hadisələr zamanı ölən və ya yaralananların ümumi sayı ilə bağlı hələlik rəsmi açıqlama verməsə də, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) hadisələr nəticəsində 178-i təhlükəsizlik işçisi olmaqla ümumilikdə 3919 nəfərin həlak olduğunu, 24 669 nəfərin isə saxlanıldığını bildirib.
///Bakupost.az



Xəbər xətti