Əfsanəvi “Formula-1” pilotu, 7 qat dünya çempionu Mixael Şumaxer yataqdan qalxıb.
Sitat.info xəbər verir ki, bu barədə “Daily Mail” idmançının ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Nəşr iddia edir ki, 13 il əvvəl xizək kurortunda baş vermiş dəhşətli qəza nəticəsində ağır xəsarət almış keçmiş idmançı artıq əlil arabasında otura bilir və ailə mülklərinin ərazisində gəzintiyə çıxarılır.
Mixaelə 30 illik həyat yoldaşı Korinna, həmçinin tibb bacıları və terapevtlərdən ibarət komanda qulluq edir. Mənbələrin məlumatına görə, daimi tibbi qulluğa çəkilən xərclər həftədə on minlərlə funta başa gəlir.
Qeyd edək ki, 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən yıxılan M.Şumaxer ağır kəllə-beyin travması almışdı. 57 yaşlı keçmiş idmançının bərpası uzun illər boyu sirr olaraq saxlanılıb. Onun vəziyyəti haqqında yalnız ən yaxın qohumlarının və bir neçə etibarlı dostunun məlumatlı olduğu bildirilir./Qafqazinfo
