İran XİN rəhbəri: Aİ-nin SEPAH-ı terror təşkilatı kimi tanıması strateji səhvdir

18:25 30 Yanvar 2026

Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması strateji səhvdir.
 
 
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
 
İran XİN başçısı "məhz SEPAH-ın Avropanı İŞİD təhdidindən qoruduğunu” qeyd edib.
 
Onun sözlərinə görə, Avropa İttifaqı bununla strateji səhvə yol verib: "Avropanın ciddi strateji səhvləri var. Bunu sadəcə məyusluqla qarşılayırıq. Avropa həm hesablamalarında, həm də digər məsələlərdə ciddi strateji səhvlərə yol verib. Təəssüf ki, Avropa İttifaqı tənəzzülə doğru gedən bir quruma çevrilib, beynəlxalq arenada öz rolunu, öz təsir imkanlarını itirib. Hətta düşünürəm ki, Aİ artıq öz maraqlarını belə aydın şəkildə görə və düzgün qiymətləndirə bilmir. Əgər İslam İnqilabı Keşikçiləri Korpusu olmasaydı, İŞİD və digər terror qrupları ilə kim mübarizə aparacaqdı? Onların təhlükəsi Avropa küçələrinə qədər çata bilərdi. Avropanın təhlükəsizliyi üçün görülən bu işlərin dəyəri təəssüf ki, lazımi səviyyədə qiymətləndirilmir”, – Abbas Əraqçi vurğulayıb.
 
Qeyd edək ki, Aİ ötən gün SEPAH-ı terror təşkilatı kimi tanıyıb.



Xəbər xətti