ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, o, maliyyəçi Cefri Epşteynin adasında heç vaxt olmayıb və onunla yaxın münasibətləri olmayıb. Trampın sözlərinə görə, Epşteynlə bağlı yayılan ittihamların əksəriyyəti demokrat siyasətçilərə və onları maliyyələşdirən şəxslərə aiddir.
Sitat.info xəbər verir ki, Donald Tramp bu fikirləri özünə məxsus Truth Social sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan son məlumatlara əsasən, Cefri Epşteyn və jurnalist, yazıçı Maykl Vulf ona və prezidentliyi dövrünə zərər vurmaq məqsədilə birgə fəaliyyət göstəriblər.
“Cefri Epşteynlə nəinki dostluq münasibətim olmayıb, eyni zamanda Ədliyyə Nazirliyinin yeni açıqladığı məlumatlara görə, Epşteyn və yalançı, dələduz bir ‘yazar’ olan Maykl Vulf mənə və prezidentliyimə zərər vurmaq üçün əlbir olublar. Radikal solun bu ümidsiz cəhdlərini unuda bilərsiniz. Onlardan bəzilərini məhkəməyə verəcəyəm”, – deyə Tramp yazıb.
O, həmçinin vurğulayıb ki, bəzi şəxslər “böyük danışmağı sevsə” də, özü Epşteynin məşhur adasına heç vaxt getməyib. Trampın iddiasına görə, həmin adada olanlar əsasən demokratlar və onları dəstəkləyən sponsorlar olub.
Qeyd edək ki, Trampın bu açıqlamaları ABŞ-da Epşteyn işi ətrafında yenidən alovlanan müzakirələr fonunda səslənib. Demokrat Partiyası nümayəndələri isə hələlik Trampın ittihamlarına rəsmi reaksiya verməyiblər.
Məğrur,
Sitat.info