"Son 30 ildə Bakıda nəqliyyatın təşkili icra orqanlarının tərkibində hər cür idarəçilik görüb. Bakı Şəhər İH-nin tərkibində olub, sonra Nəqliyyat Nazirliyinin tabeçiliyinə keçib, onun ardınca "BNA" abreviaturalı avtonom qurum yaradılıb. Bu gün isə onun sonu çatdı.
İndi yenidən Bakı Şəhər İH-nin tərkibinə qaytarıldı. Problem yenə həll edilməyəcək - çünki uğurlu nümunələr göstərir ki, bu sistem sərəncamlar, göstəriş və fərmanlar əsasında fəaliyyət göstərən, hesabatlı və qeyri-kollegial icra hakimiyyəti sisteminin idarəçilik imkanları xaricindədir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, hökumət seçkili paytaxt idarəçiliyinin yaradılması zərurətini nə qədər tez qəbul etsə, belə problemlərdən daha tez can qurtarmaq mümkün olacaq: "Əvvəla, qərarlar kollegial və ictimaiyyətin iştirakı ilə qəbul edildiyi üçün illərlə davam edən ekspermentlərə yer olmayacaq, hər bir qərar ictimai rəy öyrənilərək qəbul ediləcək, nəticədə səhv qərarların qəbulu riksi əhəmiyyətli dərəcədə azalacaq.
Digər tərəfdən, seçkili liderlər biləcək ki, paytaxtı qışda qar, payızda-yazda yağış fəlakətindən qoruya, tıxac əsarətindən qoruya bilmədinsə, növbəti dəfə kürsü də olmayacaq. Yəni indiki halda təyin olunmuş şəxs üçün belə meyar yoxdur. Amma seçkili orqanın taleyini həll edən əsas meyarlardan biri məhz şəhərdə nəqliyyatın effektiv təşkilidir. Məsələn, metro xətti çəkilməli bir ərazidə, yaxud yolötürücü körpü tikilməli olan hissədə siz bunu etmirsinizsə, həmin ərazidə səs almaqdan da əlinizi üzməlisiniz.
Əlbəttə, söhbət demokratik və şəffaf seçki nəticəsində formalaşan şəhər yerli özünidarəsindən gedir.
Bir də bu tip yerli əhəmiyyətli məsələlərlə ali icra hakmiyyətinin, dövlət başçısının məşğul olmasına, həmin problemlərə zaman və enerji xərcləməsinə də lüzum qalmır.
Vətəndaş seçkili şəxsləri, mandatı ya verərək, ya da tutub alaraq həmin problemləri həll etməyə məcbur edir.
21-ci əsrin sivil toplumları problemlərini bu qədər asan, sağ əllərilə sol qulaqlarını qaşımadan həll edirlər".