İranın nüvə proqramını yenidən başlatmağa çalışır -Tramp

10:32 5 Fevral 2026

ABŞ prezidenti Donald Tramp hava hücumlarından sonra İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia edib. 

Sitat.info xəbər verir ki, Tramp, İranla cümə günü Omanda keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl NBC News-a verdiyi müsahibədə bu məsələ ilə bağlı danışıb.

İranın ABŞ ordusunun zərbə endirdiyi nüvə obyektlərinə qayıda bilmədiyini, lakin başqa yerdə yeni bir nüvə obyekti tikməyi düşündüyünü iddia edən Tramp hədələməyi unutmayıb: "Biz bu barədə məlumat əldə etdik və dedim ki, bunu etsəniz, çox ciddi nəticələr olacaq'".

ABŞ və müttəfiqi İsrail İranı nüvə silahı hazırlamağa çalışmaqda ittiham edir, İran isə nüvə proqramının elektrik enerjisi istehsalı da daxil olmaqla, dinc məqsədlər üçün olduğunu iddia edir.

Xatırladaq ki, İran və ABŞ arasında nüvə danışıqları prosesi davam edərkən, İsrail 13 iyun 2025-ci ildə İranın müxtəlif şəhərlərindəki nüvə və hərbi obyektləri, eləcə də mülki yaşayış məntəqələrini hədəf alan hücumlara başladı.

Açıq şəkildə İsraili dəstəkləyən ABŞ, 22 iyun 2025-ci ildə Natanz, Fordo və İsfahandakı üç  nüvə obyektinə hücumlar etdi və "Gecəyarısı Çəkic" adlı əməliyyatda yalnız ABŞ-a məxsus olan "bunker partladıcı" bombalardan istifadə etdi.

ABŞ prezidenti Tramp hücumları "böyük uğur" adlandırsa da, mediaya sızdırılan ilk zərər qiymətləndirmə hesabatında hücumların İranın nüvə proqramını "məhv etmədiyi", sadəcə "onu bir neçə ay geri saldığı" iddia edilirdi.

Tehran,

Sitat.info



Xəbər xətti