Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Aleksey Çepa Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək israrını tənqid edib.
Sitat.info-nun xəbərinə görə, O, TASS-a müsahibəsində bildirib ki, bu cür təkidlərin real məqsədi ukrayna ictimaiyyətini çaşdırmaqdır.
“Əgər bu görüş cəmiyyəti aldatmaq üçündürsə, mən burada heç bir məqsədəuyğunluq görmürəm. Zelenskinin Vladimir Vladimiroviçlə görüşməkdə bu qədər israrlı olması yalnız ukrayna xalqını çaşdırmağa hesablanıb”, – deyə Çepa vurğulayıb.
Deputat əlavə edib ki, Rusiya ABŞ xətti üzrə açıq şəkildə dialoqa və təmasa hazır olduğunu artıq nümayiş etdirib.
Qeyd edək ki, Vladimir Zelenski xüsusi hərbi əməliyyatın başlanğıcından etibarən dəfələrlə Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüş tələb edib. Rusiya lideri bu istəyə cavab olaraq ötən ilin sentyabrında Zelenskini məsləhətləşmələr üçün Moskvaya dəvət edib. Yanvarın 28-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin Putinlə şəxsi görüş istədiyi təqdirdə Moskvaya gələ biləcəyini bir daha təsdiqləyib. Uşakov bildirib ki, Moskva Zelenskiyə təhlükəsizlik və lazımi iş şəraitini təmin etməyə hazırdır.
Rusiya tərəfinin mövqeyinə görə, Kreml Putinlə Zelenski arasında təmaslardan heç vaxt imtina etməyib, lakin bu cür görüşlər əvvəlcədən hazırlanmalı və konkret nəticəyə yönəlməlidir.
Bununla belə, Rusiya Zelenskinin təhlükəsizliyinə və iş şəraitinə zəmanət verdikdən sonra Ukrayna liderinin ritorikası dəyişib. O, Moskvaya getmək niyyətində olmadığını açıqlayıb və görüşün Kiyevdə keçirilməsini təklif edib. Bu zaman Zelenski açıqlamalarında sanki görüşdə maraqlı tərəf Rusiyadırmış kimi mövqe sərgiləyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putinlə görüş təşəbbüsü Rusiyadan deyil, məhz Zelenskinin özündən gəlib.
Nigar,
Sitat.info