ABŞ ilə İsrail arasında İran məsələsində ciddi mövqe fərqləri mövcuddur. Vaşinqton administrasiyası yeni bir müharibədən yayınmağa çalışdığı halda, İsrail İranın artan nüvə və raket potensialını ciddi təhlükə kimi görür və daha sərt addımlar atılmasını tələb edir. İran isə yayımladığı hücum simulyasiyaları ilə mümkün qarşıdurmada güclü cavab vermək qabiliyyətinə sahib olduğunu açıq şəkildə nümayiş etdirir.
Xüsusilə İran dosyesi ABŞ və İsrail arasında dərin fikir ayrılıqlarını üzə çıxarır. Tramp administrasiyası İsrailin İrana qarşı hərbi təzyiq siyasətinə məsafəli yanaşır və əsas hədəf kimi yeni bir müharibənin qarşısını almağı görür. ABŞ-ın strateji məqsədi İranı 2015-ci il nüvə sazişinə bənzər şərtlərə geri qaytarmaqdır. Bu məqsədlə Vaşinqtonun “kanonerka diplomatiyası” adlandırılan təzyiq və diplomatiya balansına əsaslanan xətt yürütməsi diqqət çəkir.
İsrail isə İranın uranı gizli şəkildə zənginləşdirmə imkanlarının artmasından ciddi narahatlıq keçirir. Tel-Əviv Tahranın gələcəkdə nüvə dövləti olmasının qarşısını almaq üçün ABŞ-ı daha sərt və qətiyyətli mövqeyə sövq etməyə çalışır. Netanyahu hökuməti Qəzza müharibəsi dövründə də İran–ABŞ qarşıdurmasını alovlandıra biləcək addımlar atıb. Lakin Trampın 21 iyunda İranın nüvə obyektlərinə qarşı həyata keçirilən məhdud zərbələrlə prosesi genişmiqyaslı müharibəyə çevrilmədən nəzarətdə saxladığı düşünülür.
Netanyahunun Vaşinqtona səfəri ərəfəsində ABŞ üzərində İsrail təzyiqinin artacağı gözlənilir. Bir tərəfdən İsrail İrana qarşı ümumi hücum çağırışları edir, digər tərəfdən isə İranın mövcud raket potensialının İsrail ərazisinin tamamını hədəfə ala bilməsi Tel-Əviv üçün ciddi təhlükəsizlik narahatlığı yaradır. Buna baxmayaraq,Tramp diplomatik yolu prioritet hesab edəcək.
Digər mühüm məqam isə İranın ABŞ-a məxsus bir aviadaşıyıcıya qarşı süni intellekt dəstəkli hücum simulyasiyası videosu yayımlamasıdır. Bu addımın Tehranın güclü cavab imkanlarına malik olduğunu göstərən açıq mesajdır. Mümkün hücum halında İran ilk mərhələdə bölgədəki Amerika hərbi bazalarını və aviadaşıyıcıları, daha sonra isə İsraili hədəfə ala bilər. Həmçinin Hörmüz boğazının bağlanması ABŞ üçün ciddi çəkindirici amil sayılır.
Xatırladaq ki, iyun ayında İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları “Dəmir Qübbə”dən “Arrow” sistemlərinə qədər çoxqatlı hava hücumundan müdafiə şəbəkəsini aşmağı bacarıb. Bununla belə, İranın daha genişmiqyaslı hücumdan çəkinməsi ABŞ–İran müharibəsinin qarşısını almaq niyyəti ilə izah olunur. Lakin İran açıq şəkildə bildirir ki, rejimin mövcudluğu təhlükə altına düşərsə, regional müharibəni belə gözə almağa hazırdır.
Nəticə etibarilə,Tramp administrasiyası İsrail ilə İran arasında həssas bir tarazlıq yaratmağa çalışır. ABŞ hərbi və siyasi təzyiqlərə baxmayaraq, İranı əsasən diplomatik yollarla nəzarətdə saxlamağı hədəfləyir. Qarşıdakı günlər bu strategiyanın nə dərəcədə uğurlu olacağını aydın şəkildə göstərəcək.
Nigar,
Sitat.info