Müharibənin görünməyən tərəfi: Kim daha çox itirdi – ABŞ, yoxsa İran?

21:55 2 Aprel 2026

"İstənilən müharibə hər iki tərəf üçün itkilərlə müşayiət olunur və tarixdə elə bir qarşıdurma yoxdur ki, tərəflərdən biri tam qələbə qazansın, digəri isə heç nə itirməsin. Müharibə yalnız hərbi deyil, eyni zamanda maliyyə, insan resursları və infrastruktur baxımından ciddi zərərlərə səbəb olur.

Bu baxımdan yanaşdıqda, ABŞ ilə İran arasında baş verən gərginlikdə də hər iki tərəfin itkiləri açıq şəkildə müşahidə olunur. İranın hərbi bazalarının vurulması, hərbi-siyasi rəhbərliyə qarşı hücumlar, mülki əhalinin və infrastrukturun zərər görməsi ölkənin üzləşdiyi əsas itkilər sırasındadır.

Digər tərəfdən, ABŞ üçün əsas itkilər maliyyə və resurs istiqamətindədir. Məlumatlara görə, İranla qarşıdurma ABŞ-a gündəlik yüz milyonlarla, hətta milyard dollara qədər xərc yaradır. Bundan əlavə, qlobal iqtisadiyyata təsirlər, hərbi sursat ehtiyatlarının azalması da diqqət çəkən məqamlardandır".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

O bildirib ki, məsələyə siyasi aspektdən baxdıqda  fərqli mənzərə ortaya çıxır: "İran mövcud siyasi sistemini qoruyub saxlaya bilib və geri addım atmış kimi görünmür. Rəsmi Tehran nüvə proqramı ilə bağlı mövqeyini dəyişmədiyini, həmçinin regiondakı strateji siyasətini davam etdirdiyini bəyan edir. Hörmüz boğazı məsələsində də İran əvvəlki mövqeyində qalmaqdadır.

ABŞ-ın qarşıya qoyduğu əsas hədəflərdən biri kimi göstərilən mümkün rejim dəyişikliyi isə reallaşmayıb. Ekspertlər qeyd edir ki, ayrı-ayrı şəxslərin dəyişməsi sistemin dəyişməsi anlamına gəlmir. Bu məqam futbol komandası ilə müqayisə olunur: oyunçular dəyişə bilər, lakin komandanın özü və oyun prinsipi eyni qalırsa, mahiyyət dəyişmir. 

Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı təklif olunan razılaşmaların nəticəsiz qalması və ballistik raketlər, uran ehtiyatları kimi məsələlərdə irəliləyişin əldə olunmaması ABŞ-ın diplomatik uğur qazana bilmədiyini göstərir".

T.Abbaslı hesab edir ki, ümumilikdə ən çox ziyan görən tərəf ABŞ-dir: "Digər maraqlı məqam isə İsrail faktorudur. Təhlillərə görə, İsrail ABŞ ilə İran arasında qarşıdurmanın dərinləşməsindən öz strateji maraqları üçün istifadə edə bilib. İranın hərbi və strateji obyektlərinə zərbələrin endirilməsi bu kontekstdə qiymətləndirilir.

Ümumilikdə, tərəflərin itkiləri müxtəlif sahələrdə fərqlənsə də, bəzi analitiklər hesab edir ki, ABŞ həm iqtisadi, həm də siyasi imic baxımından daha çox zərər görüb. Bununla yanaşı, müttəfiqlər arasında da narazılıqların artdığı qeyd olunur. Nəticə etibarilə, mövcud vəziyyət göstərir ki, müharibədə qəti qalib tərəf olmur – hər iki tərəf müəyyən sahələrdə itirir və qazanc əldə etmək iddiaları nisbidir".

Tehran Yusifli,

Sitat.info



Xəbər xətti