Cinayət Məcəlləsinə terrorla bağlı yeni maddənin əlavə edilməsi təklif olunur.
Sitat.info xəbər verir ki, məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə 214-4-cü maddə əlavə edilir. Bu maddə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edir.
Belə ki, terror təşkilatı yaratma və ya ona, eləcə də struktur bölmələrinə rəhbərlik etmə 10 ildən 14 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə isə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Layihədə qeyd olunur ki, terror təşkilatının fəaliyyətində iştirak edən şəxs vaxtında hüquq-mühafizə orqanlarına məlumat verərək cinayətlərin qarşısının alınmasına və digər iştirakçıların ifşasına yardım edərsə və onun əməlində başqa cinayət tərkibi olmazsa, cinayət məsuliyyətindən azad edilə bilər.