Hazırda sənədsiz evlərlə bağlı əsas problem bu evlərə qaz, elektrik və digər kommunal xətlərin çəkilməsi ilə bağlı qoyulan qadağadır. Yüzminlərlə ailə hazırda qaz xətti çəkilməməsi səbəbində acınacaqlı şəraitdə yaşamaqdadır.
Bəs bu problemin həlli yolu nədir?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bunun həlli əmlak amnistiyasından keçir: "Burada bir təməl yanaşmaya ehtiyac var. Azərbaycanda əmlak amnistiyası elan olunmalıdır. Bir halda ki, rəsmilər də ölkədə 600 minə yaxın sənədsiz evin mövcud olduğunu etiraf edirlər, bu təkcə vətəndaşın günahı ola bilməz. Bu problemdə yalnız vətəndaşın məsul tərəf kimi görülə bilməz".
İqtisadçı vurğuladı ki, burada dövlət qurumlarının da məsuliyyəti göz önünə alınmalıdır: "Bu günə qədər sənədsiz evlərin tikilməsi, digər kommunal xətlərin çəkilməsi baş veribsə, insanlar illərlə yaşayıbsa deməli dövlət orqanları da bunda məsuliyyət daşımalıdırlar. Burada yeganə çıxış yolu birdəfəlik əmlak amnistiyasının elan olunmasıdır. Bütün sənədsiz evlər sənədləşdirildikdən bu sahə sonra çox sərt qaydalarla tənzimlənməlidir. Tikinti təhlükəsizlik qaydalarına cavab verməyən evlər isə kompensasiya ödənilərək sökülməlidir. Yüksək gərginlikli elektrik xətlərinin altında və ya kommunikasiya xətlərinin üstündə tikilən evlər var ki, onların da sahiblərinə ədalətli şəkildə kompensasiyalar ödənilməlidir. Sənədsiz ev problemində dövlət qurumları da məsuliyyəti üzərinə götürməlidirlər. Göz yumublarsa ona görə, xəbərsiz olublarsa nəzarət etmədiklərinə görə məsuliyyət daşıyırlar".
Aytac,
Sitat.info