“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski Çempionlar Liqasında debüt etməzdən əvvəl keçirdiyi qeyri-adi hazırlıq prosesi barədə danışıb.
Sitat.info xəbər verir ki, 25 yaşlı qolkiper turnirin rəsmi himninə alışmaq üçün maraqlı üsula əl atıb.
Koxalski bildirib ki, debüt matçından bir neçə gün əvvəl evdə mütəmadi olaraq Çempionlar Liqasının himnini dinləyib:
“Dəqiqləşdirsəm, hər gün tez-tez açıb qulaq asırdım. İstəyirdim ki, o melodiyaya alışım və stadionda eşidəndə şok yaşamayım. ÇL himni həmişə özündə xüsusi, təntənəli bir aura daşıyıb. Uşaqlıqdan o musiqini xatırlayıram və hər dəfə mənə böyük təsir edirdi”.
Xatırladaq ki, cari mövsümdə “Qarabağ”ın uğurlu çıxışında böyük pay sahibi olan polşalı futbolçu Avropanın nəhəng klublarına qarşı keçirilən oyunlarda göstərdiyi performansla diqqət mərkəzinə düşüb.