Aeroport yolunda tunel keçilməz oldu: Sürücülər üçün təhlükəli vəziyyət (VİDEO)

12:44 12 Fevral 2026

“Bakıda Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 5-ci kilometrliyində, “Xəyal adası” (“Dreamland Golf Club”) yaxınlığında yerləşən tunel artıq uzun müddətdir ki, sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Hər yağıntı zamanı drenaj sisteminin işləməməsi səbəbindən tuneldə böyük həcmdə su yığılır, yol tamamilə su altında qalır və nəqliyyat vasitələrinin hərəkəti faktiki olaraq riskli vəziyyətə düşür.

Sitat.info-nun əməkdaşı sakinlərin şikayəti üzərinə əraziyə gedərək vəziyyəti işıqlandırıb.

Belə ki, bu tunel Binə qəsəbəsi istiqamətində gedən sürücülərin də yolunu 10 kilometrdən çox qısaltdığından sürücülər üçün əleverişli yoldur. Lakin yol səthindəki çoxsaylı çalalar yağış zamanı su ilə dolaraq görünməz hala düşür. Nəticədə sürücülər bilmədən dərin çalalara düşür, avtomobillərin alt hissəsi zədələnir. Eyni zamanda tunelin yolu da Sedan tipli avtomobillər üçün keçilməz olur. Nabələd sürücülərin burada təhlükəli vəziyyətlə üzləşməsi, avtomobilə ciddi ziyan dəyməsi də mümkündür. 

 Ərazidə olarkən çox sayda sürücünün tunelə çatmadan geri döndüyünün şahidi olduq. Tunel su ilə dolarkən sürücülər məcbur qalıb alternativ yoldan  istifadə edir ki, bu da yolu təxminən 14 kilometr uzadır, vaxt və yanacaq itkisinə gətirib çıxarır.

Bu məsələ mətbuatda bir neçə dəfə işıqlandırılsa da vəziyyət dəyişməyib. 

 Səid,

Sitat.info




Xəbər xətti