Şabran rayonunun Uzunboyad kəndində fəaliyyət göstərən tibb məntəqəsinin bağlanması ilə bağlı qərar kənd sakinlərinin ciddi etirazına səbəb olub. Yerli əhalinin sözlərinə görə, 2016-cı ildə ABŞ səfirliyi və USAID-in maliyyə dəstəyi ilə tikilən və minlərlə sakinə xidmət göstərən tibb məntəqəsi bağlanmaq üzrədir.
Sitat.info xəbər verir ki, sakinlərin Musavat.com-a bildirdiyinə görə, artıq məntəqədə çalışan 1 həkim və 5 tibb işçisinin işdən azad olunması barədə göstəriş verilib.
Bu isə təkcə iş yerlərinin itirilməsi deyil, eyni zamanda kəndin tibbi təminatının faktiki olaraq iflic olması deməkdir.
Uzunboyad kəndində 3500-4000 nəfər əhali yaşayır. Onların arasında onkoloji xəstələr, şəkərli diabetdən əziyyət çəkənlər, yüksək təzyiq və digər xroniki xəstəlikləri olan onlarla və yüzlərlə insan var. Kənd sakinləri bildirirlər ki, bu insanlar üçün yaxın məsafədə alternativ tibbi xidmət mövcud deyil və məntəqənin bağlanması onların həyatı üçün birbaşa risk yaradır.
Məntəqənin bağlanması sosial baxımdan da ağır nəticələr doğuracaq. Çünki burada çalışan tibb işçiləri arasında şəhid ailəsi üzvləri də var. Tibb işçilərindən biri şəhid Coşqun Quliyevin bacısı Kamalə Ağahüseyn qızı İsmayılovadır və təxminən 20 ilə yaxındır bu məntəqədə çalışır, şəhid Ağababa Abbasovun anası Firəngiz Abbasova 30 ilə yaxın müddətdə burada işləyib. Onların əsas gəlir mənbəyi məhz bu iş olub. Məntəqənin bağlanması həmin ailələrin dolanışığını da təhlükə altına qoyur.
Kənd sakinləri iddia edirlər ki, xarici donorların dəstəyi ilə tikilmiş tibb məntəqəsinin bağlanması və gələcək taleyi barədə onlara aydın məlumat verilmir. Onlar aidiyyəti dövlət qurumlarından qərarın yenidən nəzərdən keçirilməsini və məntəqənin fəaliyyətinin davam etdirilməsini xahiş edirlər. Sakinlər bildirirlər ki, söhbət minlərlə insanın sağlamlığından və şəhid ailələrinin sosial təminatından gedir.