Avropa İttifaqı (Aİ) Rusiyanın müdaxiləsindən yayınmaq üçün iyunun 7-də keçiriləcək parlament seçkilərində Ermənistana kömək etməyə hazırlaşır. Bunun üçün əvvəlcə Kremlin dezinformasiyasına qarşı hibrid sürətli reaksiya qrupu göndəriləcək, daha sonra isə Ermənistanda daimi mülki missiya həyata keçirilə bilər.
Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb.
Rədionun əldə etdiyi sənədlərə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 13-də Brüsselə məktub göndərərək, hibrid təhlükələrə qarşı sürətli reaksiya qrupunun göndərilməsini tələb edib. Eyni tipli, təxminən 20 nəfərlik qrup keçən il parlament seçkilərində Moldovaya göndərilmiş və sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın vaxtında aşkarlanması və qarşısının alınmasına kömək etmişdi.
Həm Brüssel, həm də Kişinyov layihəni uğurlu hesab edib, Aİ indi eyni tədbiri Rusiyanın seçkilərə gözlənilən müdaxiləsi fonunda Ermənistanda tətbiq etmək istəyir.
Qeyd edilib ki, Aİ İrəvanı həm iyun seçkilərində, həm də Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesində dəstəkləmək niyyətindədir. Məqsəd Rusiya tərəfindən ölkədə sabitliyi poza biləcək fəaliyyətlərin qarşısını almaqdır.
Mənbələr bildiriblər ki, Aİ-yə üzv ölkələr diplomatik korpus və Xarici Əlaqələr Xidmətinə müraciət edərək, Ermənistana dəstəyin səbəbini izah etmək və sülh prosesinə mənfi təsirlərin qarşısını almaq vacibliyini vurğulamaq üçün Azərbaycanla əlaqəni davam etdirməyə çağırıblar.
Radio əlavə edib ki, missiya mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitindən əvvəl fəaliyyətə başlamalıdır, buna görə mart ayında qərar qəbul edilməlidir.