Yüzdən çox elit xüsusi təyinatlı, silah-sursat və qan ehtiyatı göndərilib

17:35 7 Fevral 2022

Rusiyanın Ukraynaya gözlənilən irimiqyaslı hücumunun fevralın ortalarında başlayacağına dair ssenarilərin gündəmdə olduğu bir vaxtda Qərb ölkələri Kiyevə silah dəstəyini davam etdirirlər. Ukrayna KİV-ləri ötən bazar günü hərbi sursat daşıyan daha bir ABŞ təyyarəsinin Kiyevə endiyini xəbər verir.

Son bir neçə gündə ABŞ-dan onlarla belə reys həyata keçirilib və yüzlərlə ton silah-sursat daşınıb. Daha bir NATO ölkəsi Polşa isə Ukraynaya yüngül minaatanlar və əl qumbaraatanlarından ibarət iri partiya silah-sursat göndərməyə hazırlaşır.

Bundan əvvəl Ukraynaya tank əleyhinə minlərlə NLAW raket kompleksləri göndərən Böyük Britaniya da Kiyevə hərbi dəstəyini davam etdirir. “The Mirror” qəzetinin yazdığına görə, Böyük Britaniya ordusunun yüzdən çox elit xüsusi təyinatlısı Ukraynaya göndərilib. 

Onlar Ukrayna ordusunun əsgərlərinə təlim keçir və o cümlədən diversiya əməliyyatlarının həyata keçirilməsi, snayper atəşləri vərdişlərini öyrədir. Xüsusi təyinatlılardan əlavə Böyük Britaniya hərbi həkimlər briqadası və qan ehtiyatı da göndərib. Nəşr yazır ki, baş nazir Boris Conson Fransa prezidenti Emmanuel Makronla gərgin danışıqlar aparıb, onu Ukraynanı Kremlin aqressiv hərəkətlərindən müdafiə etmək üçün əməli addımlara çağırıb.

 

Ukraynada isə hələlik təmkinli davranırlar və Rusiyanın yeni hərbi müdaxiləsinə inanmırlar. Xarici işlər naziri Dmitri Kuleba yerli telekanallardan birinə müsahibəsində deyib ki, mümkün Rusiya hərbi müdaxiləsi barədə “qiyamət ssenarilərinə” inanmaq lazım deyil. Onun sözlərinə görə, Ukrayna və onun tərəfdaşları hadisələrin müxtəlif inkişaf ssenarilərini nəzərdən keçirirlər. Amma hələlik real təhlükə hiss olunmur.

“Bu gün Ukrayna güclü orduya, misli görünməmiş beynəlxalq dəstəyə və ukraynalıların öz dövlətinə inamına sahibdir. Ona görə də düşmən bizdən qorxmalıdır, biz ondan deyil”, - nazir bildirib.

Ukrayna hakimiyyəti əhalini təşvişə düşməməyə çağırsa da Rusiya son günlər bu ölkənin sərhədləri boyu qoşunların və zərbə vasitələrinin cəmləşdirilməsini daha da intensivləşdirib. Sosial şəbəkələrdə yayılan son görüntülərə əsasən Rusiya ordusunun zərbə vertolyotları kütləvi şəkildə Krıma və Azov dənizinin sahillərinə uçmaqdadır. Söhbət onlarla döyüş vertolyotundan gedir. Lakin döyüş maşınlarının sayı daha çox ola bilər, çünki şahidlər vertolyotların qruplar halında uçduqlarını göstərən çoxsaylı videokadrlar yayıblar.

virtualaz.org



Xəbər xətti