Bu gün İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani haqqında yayılan ölüm xəbərləri fonunda sosial şəbəkədə paylaşım edib.
Sitat.info xəbər verir ki, Laricani “X” hesabında İsrail hücumları nəticəsində öldürüldüyü iddialarından sonra iranlı dənizçilərə başsağlığı verib.
O, paylaşımında İran Hərbi Dəniz Qüvvələri üzvlərinin dəfn mərasimi münasibətilə onların xatirəsinin xalqın yaddaşında qalacağını vurğulayıb.
Laricani bildirib ki, həlak olan dənizçilərin “şəhidliyi uzun illər silahlı qüvvələrin strukturunda ordunun əsasını möhkəmləndirəcək” və onlar üçün Allahdan ən yüksək məqam diləyib.
Qeyd edək ki, martın 4-də Şri-Lanka sahilləri yaxınlığında baş verən hadisədə, ümumilikdə 180 heyət üzvü olan IRIS Dena freqatı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıq tərəfindən torpeda ilə partladılıb və batırılıb. Hücum nəticəsində ən azı 87 iranlı dənizçi həlak olub.
Tehran,
Sitat.info