Ukrayna prezidenti Rusiyanın dron hücumlarını kəskin şəkildə artırmağı planlaşdırdığını açıqlayıb.
Musavat.com bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski “New York Post” qəzetinə müsahibəsində Rusiyanın dron hücumları və müharibənin gedişi ilə bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
Zelenskinin sözlərinə görə, hazırda Rusiya gündə 350–500 dron istifadə edir. Lakin Moskva 2026-cı ilə qədər bu göstəricini 600–800 drona çatdırmağı, uzunmüddətli perspektivdə isə gündə 1000 dron buraxmağı planlaşdırır.
Ukrayna lideri bildirib ki, belə hücumların qarşısını almaq üçün minlərlə dron-interseptora ehtiyac var:
“Bu sayda dronu zərərsizləşdirmək üçün təxminən 2–3 min dron-interseptor lazımdır”.
Onun sözlərinə görə, bir dron-interseptorun qiyməti 3–5 min dollar civarındadır. Nəticədə bir “Şahed” dronunun vurulması təxminən 10 min dollara başa gəlir.
Zelenskinin bildirdiyinə əsasən, Patriot zenit-raket kompleksinin raketi təxminən 4 milyon dollar dəyərindədir. Bu səbəbdən dronlarla mübarizə raketlərlə müqayisədə daha ucuz vasitələrlə aparılır.
“İstehsal vaxtı və raketlərin qiyməti baxımından dronlarla rəqabət aparmaq mümkün deyil”, – deyə o vurğulayıb.
Ukrayna prezidenti əlavə edib ki, gələcəkdə dronların uçuş məsafəsi də sürətlə artacaq:
“Bu gün dron 100 kilometr uçursa, sabah 1000 kilometr, bir müddət sonra isə 10 min kilometr uçacaq”.
Zelenski həmçinin Rusiyanın hər ay 40–45 min nəfər səfərbər etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun sayının artmaması üçün Ukrayna tərəfi təxminən eyni sayda rus hərbçisini sıradan çıxarmalıdır.
Prezident qeyd edib ki, son üç ay ərzində Ukrayna qüvvələri 30 min, 35 min və 28 min rus hərbçisini məhv edib.
“Bu, demək olar ki, 100 min nəfər edir”, – deyə Zelenski əlavə edib.