Ramazan ayı münasibətilə həssas qruplar üçün nümunəvi sosial təşəbbüs həyata keçirilib - FOTOLAR

16:14 18 Mart 2026

Ramazan ayı münasibətilə əlilliyi olan şəxslər və şəhid ailələri üçün xüsusi tədbir keçirilib.

Sitat.info xəbər verir ki, tədbir “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyi və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı,UNEC Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub. Tədbirə “Kral Şirkətlər Qrupu” tərəfindən dəstək göstərilib.

Tədbirin əsas məqsədi cəmiyyətin həssas qruplarına diqqət və qayğının artırılması, onların sosial həyata daha fəal inteqrasiyasının dəstəklənməsi, eyni zamanda Ramazan ayının birlik, mərhəmət və paylaşma kimi ali dəyərlərinin təşviqi olub.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin sədri Günay Ağazadə bu cür sosial layihələrin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb, bu kimi addımların insanlar arasında həmrəylik və qarşılıqlı dəstəyi gücləndirdiyini qeyd edib.

Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında sosial layihələrin davamlılığının vacibliyini qeyd edib, xüsusilə şəhid ailələrinə və əlilliyi olan şəxslərə göstərilən diqqətin dövlət və cəmiyyət üçün prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Tədbirdə çıxış edən “Kral Şirkətlər Qrupu”nun rəhbəri Rövşən Tağıyev isə vurğulayıb ki, sosial məsuliyyət yalnız bir gün və ya bir tədbirlə məhdudlaşmamalı, davamlı yanaşmaya çevrilməlidir. Onun sözlərinə görə, cəmiyyətin həssas təbəqələrinə dəstək göstərmək hər bir fərdin və qurumun mənəvi borcudur.

Qeyd olunub ki, Rövşən Tağıyev artıq ikinci ildir ki, şəxsi doğum gününü məhz bu kimi sosial yönümlü təşəbbüslərlə qeyd etməyə üstünlük verir. Bu yanaşma cəmiyyətdə paylaşma və həmrəylik dəyərlərinin təşviqinə xidmət edir.

Tədbir çərçivəsində iştirakçılar üçün iftar süfrəsi təşkil olunub. Ardınca fiziki məhdudiyyətli iştirakçıların ifasında təqdim olunan bədii proqram tədbirə xüsusi rəng qatıb. Onların nümayiş etdirdiyi musiqi və rəqs nömrələri qonaqlar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Sonda tədbirin bədii hissəsində çıxış edən iştirakçılara təşəkkürnamələr təqdim olunub. Tədbir xoş ovqat və yüksək mənəvi ab-hava şəraitində davam edib.




Xəbər xətti