Aİ İrana qarşı bu sanksiyaları 2027-ci ilə qədər uzatdı

19:00 30 Mart 2026

 

Avropa İttifaqı Şurası İranda insan hüquqlarının pozulması ilə bağlı tətbiq edilən sanksiyaların müddətinin uzadıldığını açıqlayıb.

Sitat.info  qurumun yaydığı bəyanata istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər 13 aprel 2027-ci ilə qədər qüvvədə qalacaq.

Yenilənmiş sanksiya siyahısına ümumilikdə 262 fiziki şəxs və 53 qurum daxil edilib.

Bəyanatda qeyd edilir ki, tətbiq olunan tədbirlər çərçivəsində həmin şəxslərə qarşı səyahət qadağaları və aktivlərin dondurulması nəzərdə tutulur. Eyni zamanda, daxili repressiyalarda istifadə oluna biləcək avadanlıqların, eləcə də, telekommunikasiya nəzarəti üçün texnologiyaların İrana ixracı qadağan edilir.

Sənəddə həmçinin bildirilir ki, Aİ vətəndaşları və şirkətlərinə siyahıda yer alan şəxs və qurumlara maliyyə vəsaiti təqdim etmək qadağandır. Sanksiyaların yenidən nəzərdən keçirilməsi zamanı siyahıdan bir vəfat etmiş şəxsin çıxarıldığı da qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı İrana qarşı insan hüquqları ilə bağlı sanksiyaları ilk dəfə 2011-ci ildə tətbiq edib və həmin vaxtdan etibarən bu tədbirlər mütəmadi olaraq uzadılır.

 

 
 
 



Xəbər xətti