Kadırov özünə yeni varis seçib?

16:10 1 Aprel 2026

Çeçenistan rəhbəri Ramzan Kadırov böyük oğlu Axmatı varisi kimi nəzərdən keçirməyə başlayıb.

Sitat.info xəbər verir ki, bu iddia ilə “Novaya qazeta - Avropa” nəşri çıxış edib.

Nəşrin bu qərara gəlməsinə səbəb Ramzan Kadırovun mart ayı ərzində etdiyi paylaşımlarda yanında əvvəlki kimi kiçik oğlu Adam deyil, məhz Axmatın görünməsidir. Bundan başqa, daha əvvəl Kadırovun varisi kimi qiymətləndirilən Adamın yerli mətbuatda getdikcə daha az görünməsi diqqətlərdən yayınmayıb.  

Kadırova yaxın mənbələrdən birinin sözlərinə görə, yeni varis hesab olunan Axmat cəmiyyət qarşısında çıxış etməkdən çəkinir, lakin zehni inkişaf baxımından qardaşlarını üstələyir.

“Axmat əla şahmat oynayır, çox yaxşı yaddaşı var, pis təhsil almayıb və Kadırovun oğulları arasında məktəbi öz gücü ilə bitirmiş yeganə şəxsdir”, - mənbə nəşrə bildirib. 

Bildirilir ki, Adamın gələcək varis rolunu itirməsi onun olduğu kortejin bu ilin yanvar ayında Qroznıda qəza törətməsidir. 

Qeyd edək ki, 21 yaşlı Axmat Çeçenistanın hökumət rəhbərinin müavini, həmçinin respublikanın bədən tərbiyəsi və idman naziridir. 18 yaşlı Adam Çeçenistan Respublikasının Qəhrəmanı adına, eləcə də babası Axmat Kadırov adına ordenə sahibdir. Bununla yanaşı, o, Çeçenistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur.



Xəbər xətti