“Məndən olsaydı, nefti ələ keçirib çoxlu pul qazanardıq” - Tramp

20:26 6 Aprel 2026

ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi münaqişə fonunda regionun neft ehtiyatları ilə bağlı qalmaqallı bəyanat verib.

Sitat.info xəbər verir ki, Trampın çıxışının səs yazısı Ağ Evin “YouTube” kanalında dərc olunub.

Prezident etiraf edib ki, əgər seçim imkanı olsaydı, tərəddüd etmədən İran neftini nəzarətə götürərdi:

“Orada uzanıb götürülməsini gözləyən nefti götürərdim. Bu, məndən asılı olsaydı, həmin nefti ələ keçirər, özümüz üçün saxlayar və çoxlu pul qazanardıq. Sadəcə düşünmürəm ki, Amerika xalqı belə bir addımı həqiqətən başa düşərdi”.

O, ictimai rəyin belə bir sərt addıma hazır olmadığını, lakin iqtisadi baxımdan bunun çox gəlirli olacağını vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar qlobal enerji bazarını iflic edib. Tehran cavab olaraq ABŞ-nin regiondakı bazalarına, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveytdəki hədəflərə zərbələr endirib. İranın dünya neft daşınmasının 30%-nin keçdiyi Hörmüz boğazını bağlaması artıq ABŞ-ın daxilində, xüsusilə Kaliforniyada ciddi enerji böhranı riski yaradıb.



Xəbər xətti