Türkiyənin İstanbul şəhərində yerləşən İsrailin Baş Konsulluğuna edilən hücumla bağlı aparılan əməliyyatlar çərçivəsində 11 nəfər saxlanılıb.
Sitat.info NTV telekanalına istinadən xəbər verir ki, saxlanılmalar İstanbul, Kocaeli və Konya vilayətlərində həyata keçirilib. Bildirilir ki, hadisə baş verən gün – 7 aprel tarixində üç şübhəli dərhal yaxalanıb. Daha sonra aparılan istintaq tədbirləri nəticəsində hücumla əlaqəli olduğu ehtimal edilən daha səkkiz nəfərin kimliyi müəyyən edilib və onların da saxlanılması üçün müxtəlif ünvanlarda əməliyyatlar keçirilib.
Hücum zamanı baş verən atışmada yaralanan iki nəfər də şübhəlilər sırasındadır. Onların müalicəsi başa çatdıqdan sonra hüquq-mühafizə orqanlarına təhvil veriləcəyi bildirilir.
Bununla yanaşı, TRT telekanalı xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərlə əlaqədar da araşdırma başlanılıb. Prokurorluq həmin görüntülərdə Türkiyə polisinə qarşı təhqiramiz və alçaldıcı ifadələr işlədən şəxsləri müəyyənləşdirərək hüquqi tədbirlər görür.
Rəsmi qurumların açıqlamasına görə, bu cür paylaşımlar hüquq-mühafizə orqanlarının nüfuzuna xələl gətirməyə yönəlmiş cəhd kimi qiymətləndirilir.