Zaxarovadan Simonyana sərt reaksiya

19:49 8 Aprel 2026

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın son çıxışlarına sərt reaksiya verib.

Sitat.info xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinq zamanı Alen Simonyanın “Rusiya qazın qiymətini qaldırsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacaq” bəyanatına münasibət bildirib.

Rusiya XİN rəsmisi Simonyanı “emosional siyasətçi” adlandıraraq onun fikirlərini ciddi qəbul etmədiyini nümayiş etdirib:

“Bu cür birmənalı olmayan və ziddiyyətli bəyanatları şərh etməyə ehtiyac duymuram. Üstəlik, KTMT haqqında biz nələr eşitmədik ki! Ermənistanda deyirdilər ki, Ermənistan KTMT-dən yox, KTMT Ermənistandan çıxır. Bilmirəm, bu proses başa çatıb, yoxsa hələ qızğın dövrüdür? Ona görə də, bu məsələyə qayıtmağın mənası yoxdur. Niyə görə bu emosional bəyanatlara qiymət verməliyik?!”

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, rəsmi İrəvanın bu cür bəyanatlarına ilk növbədə Ermənistan vətəndaşları özləri qiymət verməlidir. O, Moskvanın emosiyalara deyil, real addımlara əsaslanan siyasət yürütdüyünü bir daha xatırladıb.

Xatırladaq ki, son zamanlar Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərində gərginlik artmaqda davam edir. Rəsmi İrəvan tez-tez bu qurumlardan çıxmaqla bağlı müxtəlif səviyyələrdə xəbərdarlıqlar səsləndirir.

 

 
 
 



Xəbər xətti