Edersona hücum edən şəxs saxlanıldı - “Fənərbaxça” bəyanat yaydı

18:50 13 Aprel 2026

“Fənərbaxça” klubu şənbə axşamı “Kayserispor”la keçirilən səfər matçında (0:4) baş verən xoşagəlməz hadisə ilə bağlı rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Sitat.info xəbər verir ki, klubun yaydığı bəyanatda qarşılaşma zamanı qapıçı Edersona kənar maddə atan şəxsin kimliyinin müəyyən edildiyi bildirilir.

Aparılan araşdırmalar nəticəsində həmin şəxs saxlanılaraq ifadəsi alınıb, barəsində idman yarışlarını izləməyə qadağa qoyulub və işi prokurorluğa göndərilib.

Məlumata görə, sözügedən hadisə ilə bağlı ümumilikdə 10 nəfər barəsində hüquqi tədbirlər görülüb. İstintaqın gedişatından asılı olaraq bu sayın artacağı istisna edilmir.

“Fənərbaxça” klubu hadisənin ilk anından etibarən prosesi yaxından izlədiyini və məsuliyyət daşıyanların qısa müddətdə müəyyənləşdirilməsi üçün lazımi addımlar atıldığını qeyd edib.

Xatırladaq ki, Türkiyə Super Liqasının 29-cu həftəsində keçirilən görüşün 45+1-ci dəqiqəsində Nqolo Kantenin qolu ilə “sarı-lacivərdlilər” hesabı açmasından sonra “Kayserispor” tribunalarından meydana yad əşyalar atılıb. Atılan cisimlərdən biri qapıçı Edersona dəyib və braziliyalı qolkiper fiziki xəsarət alıb. Belə ki, zərbə nəticəsində qaşı yarılan Ederson, eyni zamanda həmin an onu yaxın planla çəkən kameraya əsəblə zərbə endirib. Braziliyalı oyunçunun sözügedən reaksiyası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



Xəbər xətti