Trampla bağlı İLGİNC İDDİA

13:42 16 Aprel 2026

ABŞ-də respublikaçı düşərgədə artan narahatlıq artıq açıq şəkildə dilə gətirilir.

Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Politico” saytında jurnalist Daşa Börns tərəfindən hazırlanan məqalədə qeyd olunur.

Məqalədə bildirilir ki, prezident Donald Trampın son addımları və qeyri-sabit ritorikası respublikaçıların aralıq seçkilər (midterm) öncəsi mövqelərini zəiflədir.

Ağ Evə yaxın mənbələrdən biri vəziyyəti belə ifadə edib:

“1600 Pensilvaniya prospektindən gələn mənasız açıqlamalar hər şeyi çətinləşdirir”.

 

Yazıda vurğulanır ki, zəifləyən iqtisadiyyat, yüksək yanacaq qiymətləri, Roma Papası ilə qalmaqal və Pakistan, Macarıstanda uğursuz xarici siyasət addımları Tramp administrasiyasına qarşı narazılığı artırıb.

 

Son qalmaqallardan biri də Trampın Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauelli işdən çıxarmaq hədəsi olub. Bu açıqlama administrasiyanın vergi siyasəti ilə bağlı mesajını kölgədə qoyub və senatorların narazılığına səbəb olub.

 

ABŞ maliyyə naziri Skott Bessent, Kiçik Biznes Administrasiyasının rəhbəri Kelli Leffler və Milli İqtisadi Şuranın direktoru Kevin Hassett vergi güzəştlərini önə çəkməyə çalışsa da, Trampın açıqlamaları bu mesajları zəiflədir.

“Qələbəyə gedən yol sabit iqtisadi mesajdan keçir. Təəssüf ki, Tramp bu xəritəyə əməl etmir”, - deyə Trampın 2024-cü il kampaniyasının müşaviri Brayan Lanza bildirib.

Sorğular göstərir ki, Trampın iqtisadi siyasətinə dəstək rekord aşağı səviyyəyə düşüb. ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını isə amerikalıların cəmi 38%-i dəstəkləyir.

Eyni zamanda respondentlərin 53%-i Tramp haqqında mənfi rəyə malikdir. Bundan əlavə, amerikalıların demək olar yarısı hesab edir ki, prezident daxili problemlər əvəzinə xarici siyasətə həddindən artıq diqqət ayırır.

Mühafizəkar radio aparıcısı Erik Erikson qeyd edib ki, hətta Trampın ən sadiq evangelist tərəfdarları belə onu açıq şəkildə tənqid etməyə başlayıb. Onun sözlərinə görə, Tramp “lame duck” (topal ördək) mərhələsinə yaxınlaşdıqca seçicilər alternativlər axtarmağa başlayır.

Ağ Evə yaxın digər mənbə bildirib ki, respublikaçılar artıq Nümayəndələr Palatasını itirəcəkləri ilə barışmağa başlayır və Senatın da risk altında olmasından ciddi narahatdır.

Buna baxmayaraq, respublikaçıların mühüm üstünlüyü də var – Trampı və partiyanı dəstəkləyən siyasi qrupların ümumi maliyyə ehtiyatı 375 milyon dollardan çoxdur.

Respublikaçı Milli Komitəsinin nümayəndəsi Kirsten Pels isə seçkilərin Tramp ilə Co Bayden dövrünün “uğursuz siyasəti” arasında müqayisə üzərində qurulacağını qeyd edib.



Xəbər xətti