Bu gün, 17 aprel tarixində Yer kürəsində güclü maqnit qasırğası başlayacaq.
Sitat.info xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.
İndiyədək günəş küləyinin sürəti fon səviyyəsində qalırdı və geomaqnit aktivliyi sabit idi. Lakin bu gündən etibarən günəşdəki tac dəliyindən gələn yüksək sürətli axın planetimizə çatacaq. Bu, günəş küləyinin sürətini artıraraq G2 səviyyəli (mülayim) maqnit qasırğasına səbəb olacaq. Alimlərin bildirdiyinə görə, tac dəliyinin ölçüsü böyük olduğu üçün qasırğanın təsirinin aprelin 18-də də davam edəcəyi gözlənilir. Hazırda vəziyyətin tam olaraq nə vaxt normallaşacağı məlum deyil.
G2 səviyyəli maqnit qasırğaları mülayim hesab olunsa da, həm texnikaya, həm də insanların səhhətinə hiss olunacaq dərəcədə təsir edə bilər. Bu cür günlərdə GPS sistemlərində, radiostansiyalarda və peyk rabitəsində fasilələr yaranması mümkündür. Yüksək enliklərdə isə parlaq qütb parıltıları müşahidə oluna bilər.
Qasırğa dövründə bəzi insanlar baş ağrısı, zəiflik, təzyiq dəyişikliyi və yuxu pozğunluğundan şikayət edirlər. Xüsusilə yaşlılar və ürək-damar xəstəlikləri olan şəxslər bu dəyişikliklərə qarşı daha həssasdırlar.
Mənfi təsirləri azaltmaq üçün mütəxəssislər aşağıdakıları tövsiyə edir:
Daha çox istirahət etmək və stressdən qaçmaq;
Kifayət qədər su içmək və kofein qəbulunu azaltmaq;
Fiziki yüklənməni minimuma endirmək və səhhətə nəzarət etmək.