Amerikalı məşhur jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampı kəskin tənqid edərək, onun hərəkətlərinin Bibliyadakı “Dəccal” təsviri ilə üst-üstə düşdüyünü iddia edib.
Sitat.info “Daily Mail”ə istinadən xəbər verir ki, Karlson öz podkastında Trampın son vaxtlar dindən siyasi məqsədlər üçün istifadə etməsini “xristian inancına təhqir” kimi qiymətləndirib.
Jurnalistin həmin çıxışına səbəb Trampın sosial mediada süni intellekt vasitəsilə yaradılmış şəkillərini paylaşması olub. Həmin görüntülərdə Amerika lideri İsa Məsih tərəfindən qucaqlanmış, bəzi şəkillərdə isə bəşəriyyəti xilas edən “Məsih” obrazında təsvir edilib. Karlson Müqəddəs Yazılara istinad edərək xatırladıb ki, Dəccal özünü hər şeydən üstün tutan və Tanrı məbədində oturub özünü Tanrı elan edən bir fiqurdur.
“Bir çox xristian bu proqnozları indi gördüklərimizlə uyğun hesab edir. Həqiqətənmi bu, Dəccaldır?”, – deyə Karlson sual edib.
Qeyd edək ki, Trampın son paylaşımları hətta öz tərəfdarları arasında da narazılıq doğurduğu üçün sonradan silinib. Jurnalist həmçinin prezidentin İrana qarşı hərbi əməliyyatlarını və buna etiraz edən Roma Papası ilə münaqişəsini də sərt tənqid edib.
Məlumat üçün bildirək ki, 2023-cü ilə qədər Trampın ən yaxın dəstəkçilərindən sayılan Karlsonun bu cür kəskin mövqe nümayiş etdirməsi ABŞ siyasi gündəmində bomba effekti yaradıb.
Xatırladaq ki, bir müddət əvvəl İtaliyanın Baş naziri də Papanın müdafiəsinə qalxaraq Trampın dini fiqurlara qarşı ritorikasını pisləmişdi.