Misli Premyer Liqasının 28-ci turunda baş tutan “Zirə” – “Neftçi” qarşılaşmasında (1:1) qeydə alınan və müzakirələrə səbəb olan bərabərlik qolunun qaydalara zidd olduğu təsdiqlənib.
Sitat.info xəbər verir ki, 90+4-cü dəqiqədə meydan sahiblərinin vurduğu qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınmışdı.
Lakin qolun vurulması anında qayda pozuntusu olduğunu iddia edən “Neftçi” futbolçuları və rəhbərliyi epizoda kəskin etiraz bildirmişdilər.
Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da rəsmi münasibət bildirib. O, epizodu təhlil etdikdən sonra “Neftçi”nin narazılığını haqlı hesab edərək, baş hakimin yanlış qərar verdiyini söyləyib.