Böyük Britaniyada 2009-cu il yanvarın 1-dən sonra dünyaya gəlmiş şəxslər üçün siqaret almağa ömürlük qadağa tətbiq ediləcək.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Krallığın Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən müvafiq qanun layihəsi artıq parlamentdə baxılmanın bütün mərhələlərini keçib.
Qanunun qüvvəyə minməsi üçün onun Böyük Britaniyanın kralı III Çarlz tərəfindən imzalanması tələb olunur.
Siqaretdən azad ilk nəslin yaradılması məqsədi daşıyan qanuna əsasən, hazırda 17 yaşı olan yeniyetmələr və onlardan kiçik olan hər kəs Böyük Britaniyada heç vaxt siqaret ala bilməyəcək.
Bundan əlavə, qanun siqaretlərin, elektron siqaretlərin və nikotin tərkibli məhsulların dövriyyəsi və istifadəsinə daha sərt tənzimləmə tətbiq edir. Belə ki, elektron siqaretlərdən istifadənin qadağan olunduğu zonalar genişləndiriləcək. Qadağa uşaq meydançalarını, məktəb və xəstəxanaların ətrafındakı əraziləri əhatə edəcək, həmçinin içərisində uşaqlar olan avtomobildə elektron siqaret çəkməyə icazə verilməyəcək.
Qanunun tənqidçiləri isə onun qeyri-demokratik və ədalətsiz olduğuna diqqət çəkirlər. Onların iddiasına görə, yeni qanun bir çox ailələrdə uşaqlar arasında hüquq bərabərsizliyinə səbəb olacaq. Həmçinin qanunla razılaşmayanlar qeyd edirlər ki, gələcəkdə hökumətlər daha da irəli gedə və ictimai səhiyyə naminə qanunla icazə verilən digər məhsullara münasibətdə analoji məhdudiyyətlər tətbiq edə bilərlər.