Zelenski Azərbaycana səfər edib – əməkdaşlıq və təhlükəsizlik müzakirə olunacaq

12:02 25 Aprel 2026

"Ukrayna prezidenti V. Zelenski Azərbaycana səfərə gəlib. Azərbaycanla Ukrayna arasında siyasi-iqtisadi, təhlükəsizlik və enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Danışıqlarda enerji və təhlükəsizlik sahəsi əsas predmet olacaq. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə daima humanitar yardımlar göstərir".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, Azərbaycan və Ukrayna daima bir-birinə dəstək olub və bundan sonra da qarşılıqlı dəstək olacaq: "Ukraynanın və Azərbaycanın döyüş sahəsində böyük təcrübəsi var. Məhz Azərbaycan PUA-lardan müdafiə olunmaq üçün Ukraynanın təcrübəsindən istifadə edə bilər. Ukrayna yeni anti -dronlar tətbiq etməklə, Rusiyanın ŞAHED pualarına qarşı uğurlu şəkildə mübarizə aparır. Ukrayna Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin PUA- lardan müdafiəsi üçün öz hərbi təlimatçıları ilə təlim keçir. Azərbaycanın Ukrayna ilə bu sahədə əməkdaşlıq etməsi mümkündür".

Politoloq qeyd edib ki, Ukrayna Rusiyaya qarşı hərbi mövqeyini kifayət qədər gücləndirib: "Ölkənin güclü və inkişaf etmiş müdafiə sənayesi sistemi qurulub. Bu ölkə müdafiədən hücuma keçərək, güclü olduğunu ortaya qoyur. Ukrayna keçmiş post-sovet məkanının kilid ölkəsidir. Bu ölkənin təhlükəsizliyi həm Cənubi Qafqaz, həm də Avropa üçün mühüm strateji əhəmiyyət kəsb edir. Rusiya Ukraynada qalib gələrsə, Avropa və post-sovet məkanına təzyiqləri artıracaq. Ona görə də Ukraynanın güclü olması və bütün ölkələr tərəfindən dəstəklənməsi geosiyasi təhlükəsizliyin təmininə çevrilib".

Nigar,

Sitat.info



Xəbər xətti