İranda təhlükəsizlik əməliyyatları çərçivəsində yüzlərlə şübhəli saxlanılıb.
Bu barədə Mehr agentliyi məlumat yayıb.
Məlumata görə, SEPAH tərəfindən həyata keçirilən əməliyyatlar zamanı iki vilayətdə ümumilikdə 240-a yaxın şəxs saxlanılıb.
Kürdüstan vilayətində 11 nəfərin saxlanıldığı, bir silahlı qrup üzvünün zərərsizləşdirildiyi bildirilib. Eyni zamanda silah və sursat gizlədilən anbar aşkar olunub, əlavə olaraq təxminən 70 nəfər ayrı-ayrı reydlər zamanı saxlanılıb.
Kermanşah vilayətində isə SEPAH 155 nəfəri saxlayıb. Onların "əksinqilabi qruplara” aid olduğu iddia edilir. Saxlanılanlar arasında Mossad ilə əlaqədə olduğu bildirilən 4 nəfərin də olduğu qeyd olunub.
Bundan əlavə, Tehranda polis raket zərbələrinin düşdüyü yerlərlə bağlı məlumatları "düşmən şəbəkələrə” ötürməkdə ittiham olunan bir şəxsin saxlanıldığını açıqlayıb.