FIFA DÇ-2026-da bu qaydaları dəyişəcək

18:50 28 Aprel 2026

FIFA bu il keçiriləcək dünya çempionatı üçün intizam qaydalarında mühüm yeniliklər etməyə hazırlaşır.

Sitat.info  “BBC Sport”a istinadən xəbər verir ki, qarşıdakı mundialda futbolçuların sarı vərəqələrinin sıfırlanması prosesi iki mərhələdə həyata keçiriləcək.

Belə ki, xəbərdarlıqlar təkcə qrup mərhələsindən sonra deyil, həm də 1/4 final mərhələsi başa çatdıqdan sonra “ləğv ediləcək”.

Nəşr yazır ki, FIFA-nın bu addımı atmasına səbəb iştirakçı sayının artması və yarışın formatının dəyişməsidir. 1/16 final mərhələsinin əlavə olunması ilə oyunların sayı artdığından, futbolçuların sarı vərəqə limitini keçərək yarımfinal və ya final oyunlarını buraxma riski yaranmışdı. Yeni qayda aparıcı oyunçuların həlledici matçlarda iştirakını təmin etmək məqsədi daşıyır.

Bundan başqa, VAR sisteminin səlahiyyətləri də genişləndirilir. Artıq hakimlər oyunçunun meydandan qovulması ilə nəticələnən mübahisəli ikinci sarı vərəqə epizodlarına təkrar baxa biləcəklər. İndiyə qədər VAR yalnız birbaşa qırmızı vərəqə ehtimalı olan hallarda müdaxilə edirdi.

Xatırladaq ki, DÇ-2026 rekord müddətdə – 39 gün ərzində (11 iyun-19 iyul) keçiriləcək. Turnir boyu ümumilikdə 104 qarşılaşma baş tutacaq ki, bu da futbol tarixinin ən böyük çempionatı olacaq.



Xəbər xətti