Xırdalanda yolun üstündəki beşmərtəbəli binanın tikintisinə kim icazə verib? - Abşeron RİH-dən açıqlama

19:07 29 Aprel 2026

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində magistral yolun üzərində səki zəbt olunaraq beşmərtəbəli bina tikilib. İnşası tam başa çatmayan bina artıq indidən hərəkət iştirakçıları üçün təhlükəyə çevrilib.  

Bu barədə "Sitat.info"ya şəhər sakinləri məlumat veriblər və tikilinin videosunu redaksiyamıza göndəriblər. 

Nəqliyyatın intensiv hərəkət etdiyi yolun kənarında binanın tikintisi tikinti normalarına zidd olduğu halda, bu tikiliyə necə icazə verildiyi və indiki mərhələyə qədər inşasının görməzdən gəlinməsi ciddi təəccüb və suallar doğurur.  

 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Sitat.info-nun sorğusuna cavab bildirildi ki, həmin tikiliyə sərəncamı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verib: “Sözügedən ünvanda həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı sorğunuza cavab olaraq bildiririk ki, DŞAK- nin 17.09.2025-ci il tarixli 3-35/3-3-166/2025 məktubu ilə Abşeron rayonu, Xırdalan şəhərində vətəndaş Rəhimov Rəhim Yusif oğluna, mülkiyyətində olan 0.0593 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə sərəncam verilmişdir”.

 

Məğrur,

Sitat.info



Xəbər xətti