Qəbələdə torpaq bazarında qiymət artımı müşahidə olunur. Son illər ərzində bölgənin turizm potensialının güclənməsi torpaq sahələrinə olan tələbi əhəmiyyətli dərəcədə artırıb.
Sitat.info-nun məlumatına görə, Qəbələ şəhərinin mərkəzində əvvəllər 20 min manata təklif olunan torpaq sahələri hazırda 30 min manata qədər yüksəlib. Qiymət artımı yalnız mərkəzlə məhdudlaşmır. Şəhərə nisbətən kənar ərazilərdə də ciddi bahalaşma qeydə alınır. Məsələn, Bum qəsəbəsi ərazisində ötən il sotu 5 min manata olan torpaq sahələrinin qiyməti artıq 10 min manata çatıb.
“A-Frame” tipli tikililər üzrə ekspert Azər Həsənov saytımıza bildirib ki, bu artımın əsas səbəbi Qəbələnin turistik zona kimi inkişaf etməsidir: “Son illər bölgədə yeni hotellərin, istirahət mərkəzlərinin və turizm infrastrukturunun genişlənməsi həm yerli, həm də xarici investorların diqqətini cəlb edir. Bu da torpağa olan tələbi artıraraq qiymətlərin yüksəlməsinə səbəb olur.
Turizm axını davam edərsə, yaxın illərdə də Qəbələdə torpaq qiymətlərinin artım tendensiyası qorunub saxlanılacaq. Əslində, bu cür bahalaşma ölkəmizdə turizmin inkişafının göstəricisidir”.
A. Əliyev bildirib ki, son illər iş adamları Qəbələdə “A-Frame” tipli layihələrə üstünlük verirlər: “Düşünürəm ki, iş adamları bu rayona investisiya qoymaqla düzgün addım atırlar. Məsələn, vəhşi təbiətin qoynunda yerləşən Bum qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərində sahibkarların da töhfəsi var. Qəsəbədə müasir üslubda inşa edilən “A-Frame” tipli evlər ərazini daha da cəlbedici edir.
Rayona gələn turistlər üçün komfortlu şərait yaradılır. Bu keyfiyyəti görən yerli və xarici turistlərin sayı artır. Gələn qonaqlar arasında iş adamları da olur və onlar bu sahəyə maraq göstərərək torpaq almağa çalışırlar. Bu isə torpaq qiymətlərinin artmasına səbəb olur”.
A. Əliyev qeyd edib ki, rayonda aidiyyəti qurumlar sahibkarlar üçün əlverişli şərait yaradır: “Artıq 3-4 ildir ki, Qəbələdə ‘A-Frame’ tipli evlərin tikintisi ilə məşğulam. İstənilən üslubda evlər inşa edirik. Özüm də bölgənin turizm potensialına inanaraq Bum qəsəbəsində ev inşa etmişəm. Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar sahibkarlar üçün əlverişli mühit formalaşdırıb. Torpaqların sənədləşdirilməsi və digər zəruri prosedurların həlli istiqamətində dəstək göstərilir. Buna görə də iş adamlarına buraya investisiya qoymağa çağırıram".
Məğrur,
Sitat.info
@aframe_qebele_kiraye #keşfetteyizzz #Aframe #Qəbələ #kirayeevler ♬ orijinal ses - Aframe Qəbələ