Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

13:40 1 May 2026

Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forum keçirilir.
 
Açılış mərasimində çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "Ağıllı şəhər” və "Ağıllı kənd” layihələrinin Qarabağ və Şərqi Zəngəzurun simasını köklü şəkildə dəyişdiyini bildirib.
 
Əhməd İsmayılovun sözlərinə görə, COP29 zamanı sınaqdan çıxmış effektiv kommunikasiya modeli sübut etdi ki, dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən layiqincə gəlməyə imkan verir.
 
"WUF13 zamanı da oxşar nailiyyətlərimiz təkrarlanacaq və daha böyük peşəkar uğurlara imza atacağıq”, - o əlavə edib.
 
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkə üzrə genişzolaqlı internet şəbəkələrinin informasiya əldə olunmasını asanlaşdırdığını, süni intellekt alətlərinin isə məlumatların daha effektiv emalına şərait yaratdığını qeyd edib.
 
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə məktəblərin 63 faizinin internetə çıxışı olduğunu və bu göstəricinin bütün məktəbləri əhatə etməsinin planlaşdırıldığını bildirib.
 
Daha sonra forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli”nə həsr olunan panel sessiya təşkil olunub. Sessiyada bildirilib ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahədə aparılan islahatların davamıdır və WUF13-ün ölkədə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
 
Vurğulanıb ki, artan çağırışlar medianın da daha fəal və məsuliyyətli iştirakını zəruri edir.
 
Forum panel sessiyalarla davam edir.
 



Xəbər xətti