Azərbaycan Prezidenti İlham Əliyev bu gün videobağlantı vasitəsilə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitinə qoşulacaq.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin 8-ci sammiti 4 may tarixində İrəvanda “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” şüarı ilə keçiriləcək.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada baş tutub. Bundan sonra sammit ardıcıl olaraq Moldovanın paytaxtı Kişinyovda, İspaniyanın Qranada şəhərində, Böyük Britaniyanın Oksfordşir bölgəsində, Macarıstanın paytaxtı Budapeştdə, Albaniyanın paytaxtı Tiranada və Danimarkanın paytaxtı Kopenhagendə keçirilib.
Avropa Siyasi Birliyi təxminən 50 Avropa ölkəsinin liderlərini bərabərhüquqlu əsasda, birlik ruhu və ümumi məqsəd ətrafında birləşdirir. Bu platforma siyasi dialoqun və əməkdaşlığın inkişafına, ümumi maraq doğuran məsələlərin həllinə, Avropa qitəsində təhlükəsizliyin, dayanıqlılığın və rifahın möhkəmləndirilməsinə xidmət edir. Sammit Avropa liderlərinə təcrübə mübadiləsi aparmaq və əməkdaşlığı genişləndirmək üçün imkan yaradır. O, mövcud heç bir təşkilatı, strukturu və ya prosesi əvəz etmir.