Baş nazir Benyamin Netanyahunun ifadə verəcəyi məhkəmə iclası müdafiə tərəfinin müraciəti əsasında daha sonrakı tarixə keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
Məlumatda bildirilir ki, Netanyahunun vəkili Amit Haddadın gecə saatlarında təqdim etdiyi müraciətdən sonra bu gün keçirilməsi planlaşdırılan iclas təxirə salınıb.
Məhkəmənin təxirə salınmasının səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, korrupsiya ittihamları ilə bağlı məhkəmə prosesi davam edən Netanyahu bu gün hakim qarşısına çıxmalı idi. O, sonuncu dəfə 28 aprel tarixində olmaqla ümumilikdə 81 dəfə məhkəmədə ifadə verib.
Netanyahu korrupsiya ittihamları ilə üzləşir
İsrailin Baş naziri “1000”, “2000” və “4000” işləri kimi tanınan üç ayrı korrupsiya işi üzrə “rüşvət alma, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə mühakimə olunur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin noyabr ayında İsrail Prezidenti İsak Herzoqa məktub göndərərək Netanyahunun əfv olunmasını xahiş etmişdi.
Netanyahu isə əvvəlcə əfv istəməyəcəyini bildirsə də, təxminən 6 ildir davam edən məhkəmə prosesləri fonunda 2025-ci ilin noyabr ayının sonunda Herzoqa rəsmi müraciət edərək əfv olunmasını istəyib.
Aytac,
Sitat.info