"Bu yaxınlarda qonşumuzda tavan düz uşağın beşiyinin üstünə uçdu. Yaxşı ki, həmin vaxt körpə yerində deyildi"
Xətai rayonu, Əbilov qəsəbəsində köhnə ikimərtəbəli binalar istismar müddətini illər öncə başa vursa da, qəzalı vəziyyətdə, hər an uçmaq təhlükəsi altında olan bu mənzillərdə hələ də yaşayan çarəsiz sakinlər var.
Bu barədə Sitat.info-nun redaksiyasına şikayət ünvanlayan sakinlər bir tərəfdən söküntünün gecikməsi, digər tərəfdən maddi imkansızlıq səbəbindən bu uçmaq üzrə olan binalarda yaşamağa məhkum olublar. Onlar illərdir binaların söküləcəyi günü gözləyirlər. İki mərtəbə və 16 mənzildən ibarət 8 binanın sökülməsi uzun zamandır müşkülə çevrilib. Həmçinin Əbilov küçəsində yerləşən "Amerikanka" tipli binalar da istismar müddəti başa vurub.
Əbilov sakini Safura Əliyeva saytımıza danışarkən bildirib ki, əgər vaxtında köçürülməzlərsə, faciə qaçılmaz ola bilər: "Hər gün bir qonşuda mənzilin tavanı çökür. Təmir edirik, yamayırıq, ancaq heç bir faydası olmur. Bina o qədər köhnədir ki, təmiri də götürmür. Elektrik xətləri bir-birinə qarışıb, divarlarda dərin çatlar var. Tavan və döşəmələr parça-parçadır, evin içində addım atanda belə qorxu keçiririk".
Əbilov küçəsi, 10-cu binanın sakini Hafizə Qurbanova artıq bu binalarda yaşamağın təhülkəli həddə çatdığını deyib: "Tavan uçub töküldü, ayaqlarım zədələndi. Haraya müraciət etdiksə, səsimizi eşidən olmadı. Bina qəzalı vəziyyətdədir, elektrik xətləri hər gün qısa qapanma verir. Qorxu içində yaşayırıq. İmkan olmadığı üçün kirayə ev tutub köçə bilmirik. Dövlətimizdən xahiş edirik ki, bizə bir çarə qılsın".
Digər bir Əbilov sakini də qorxu və narahatlığını belə ifadə edib: "Dəfələrlə əraziyə media nümayəndələrini dəvət edib problemi işıqlandırmağa, səsimizi icra qurumlarına çatdırmağa çalışmışıq. Daha sonra aidiyyatı qurumların münayəndələri gəlib baxış keçiriblər, lakin hələ də bir nəticə yoxdur: Oturduğumuz yerdə tavan başımıza uçur. Artıq təmir etməkdən də bezmişik. Nə qədər düzəltməyə çalışsaq da, bina təməlindən çöküb, heç bir işə yaramır. Axşam bağladığımız qapını səhər aça bilmirik, çünki çökür. Bir gün bu binanın dağıntıları altında qalacağımızdan qorxuruq. Elektrik naqilləri hörümçək torunu xatırladır. Tez-tez bloklarda yanğın çıxır. Bir faciə baş vermədən binaların sökülməsini istəyirik. Bu yaxınlarda qonşumuzda tavan düz uşağın beşiyinin üstünə uçdu. Yaxşı ki, həmin vaxt körpə yerində deyildi".
Əbilov küçəsi, 2-ci binanın sakini Kəmalə Hüseynova da mənzilində bütün divarlarda dərin çatların olduğunu bildirdi: "Divarlar, tavan uçmaq üzrədir, qapılar bağlanmır. Döşəmə çöküb, yaşamaq mümkün deyil. Evdə yatmağa qorxuruq ki, yuxuda ikən bina üstümüzə uçacaq".
Sakinlər vəziyyətlərinin acınacaqlı olduğunu, böyük bir faciə baş vermədən problemin həlli ilə bağlı addım atılmasını istəyirlər: "Ya bizə kompensasiya verib köçürsünlər, ya da başqa yerdə mənzillə təmin etsilər. Başqa çarəmiz yoxdur, çoxumuz pensiyaçıyıq, elə bir imkan sahibi deyilik ki, kirayəyə köçək. Çox istərdik ki, adiyyatı qurumlar gəlib binanı dəyərləndirsinlər və görsünlər ki, burada yaşamaq mümkündür ya yox".
Aytac,
Sitat.info