PSJ-nin ulduzu Xviça Kvaratsxeliyanın kiçik qardaşı, Tbilisinin “Dinamo” klubunun vingeri Tornike Kvaratsxeliya “Bavariya”nın maraq dairəsinə düşüb.
Sitat.info “LA Gazzetta Georgia” nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı gənc istedad artıq Almaniyaya yola düşüb.
Məlumata görə, Tornike Münxen klubunun rəsmi nümayəndələri ilə görüşmək və klubun infrastrukturu ilə yaxından tanış olmaq məqsədilə Almaniyadadır.
Qeyd olunur ki, “Bavariya” skautları futbolçunun potensialını yüksək qiymətləndirirlər və onu gələcəyin ulduzlarından biri kimi görürlər.
Hazırda Tbilisinin “Dinamo” klubunun gənclərdən ibarət komandasında çıxış edən kiçik Kvaratsxeliya ötən həftə ilk dəfə əsas komandanın iştirak ərizəsinə daxil edilsə də, hələlik rəsmi debütünü reallaşdıra bilməyib.
Xatırladaq ki, onun böyük qardaşı Xviça Kvaratsxeliya hazırda PSJ-nin heyətində dünya futbolunun əsas ulduzlarından biri hesab olunur.