Ukrayna PUA-ları Rusiyanın böyük zavodunu VURDU

15:04 7 May 2026

Mayın 7-si günorta saatlarında Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusuyanın Perm vilayətində yerləşən sənaye müəssisələrindən birinə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Maxonin məlumat yayıb.

Onun sözlərinə görə, bir dron hədəfə çata bilib, digərləri isə yaxınlaşarkən vurulub.

“Həlak olan və yaralanan yoxdur. Qalıqların düşdüyü yerdə fövqəladə xidmət işləyir”, - deyə Maxonin Telegram kanalında yazıb.

“Astra” nəşrinin şahid görüntülərini təhlil etməsinə əsasən, zərbə Perm şəhərində yerləşən “Lukoyl-Permnefteorgsintez” neft emalı zavoduna dəyib. Hücumdan sonra müəssisənin üzərində tüstü sütunu yüksəlib.

“Lukoyl-Permnefteorgsintez” Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və ildə təxminən 17 milyon ton neft emal etmək gücünə malikdir. Zavod yüksək keyfiyyətli benzin, dizel yanacağı, aviasiya kerosini və sürtkü yağları daxil olmaqla geniş çeşiddə məhsul istehsal edir. Müəssisə Perm diyarının əsas sənaye obyektlərindən biri və ölkənin texnoloji baxımdan ən təchiz olunmuş zavodlarından sayılır. Zavod həm daxili bazarı, həm də ixrac istiqamətlərini yanacaqla təmin edir. Bundan əvvəl müəssisə səkkiz gün əvvəl - aprelin 30-da da Ukrayna dronlarının hücumuna məruz qalmışdı.



Xəbər xətti